Facebook Instagram VK YouTube Twitter

07.08.2019

ANİMAFİLM komandası öz film və ssenarilərini müsabiqə proqramına təqdim edən bütün iştirakçılara minnətdarlığını bildirir və xəbər verir ki, Filmfreeway beynəlxalq festival platforması vasitəsilə seçim komissiyasına 50 müxtəlif ölkədən cəmi 268 müraciət daxil olub. “Bu il ən çox müraciət ABŞ və Böyük Britaniyadan daxil olub. Çox maraqlı filmlər və ssenarilər almışıq. Amma əfsuslar olsun, Azərbaycandan müsabiqəyə cəmi bir film göndərilib, o da xaricidə yaşayan bir azərbaycanlı tərəfindən. Bu, çox xoşagəlməz haldır və bir daha onu göstərir ki, Azərbaycanda animasiya kinosu çox ağır vəziyyətindədir. Təəssüflə bildirirəm ki, bu il “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” müsabiqəsi baş tutmayacaq”, – festivalın direktoru Rəşid Ağamalıyev bildirib.

19.07.2019

2-ci ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı təşkilat komitəsi Almaniya, Azərbaycan, Rusiya, İran və Çexiyadan olan peşəkarlardan ibarət münsiflər heyətinin tərkibini elan edib. İstedadın dəstəklənməsi və animasiya sənətinin irəlilədilməsi meyarlarına əsaslanaraq, festivalda nominasiyaları iki beynəlxalq tərkibli və bir uşaqlardan ibarət yerli münsiflər heyəti – animasiya filmləri və ssenarilər üzrə heyət dəyərləndirəcək. Bundan əlavə, hər bir tamaşaçı da səs verməklə, animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək. Beynəlxalq münsiflər heyətinə Azərbaycanın tanınmış rejissor-animatoru Məsud Pənahi, uşaq münsiflər heyətinə isə tanınmış animator-rejissor Elçin Hami Axundov başçılıq edəcək. ANİMAFİLM-in təşkilat komitəsinin qərarı ilə festivalda, həmçinin, Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə “Qızıl qayıq” heykəlcik-mükafatı verilməsi nəzərdə tutulub. Münsiflər heyətinin üzvləri, həmçinin, müsabiqədənkənar və peşəkar proqramlarda da fəal iştirak edəcəklər.

26.06.2019

Tanınmış çex animasiya kinorejissoru Filip Poşivaç İkinci ANİMAFİLM Bakı Beynəlxalq Festivalının plakatını hazırlayıb. Plakatda iki çex ayı balası təsvir olunub. “İkinci festivalın mövzusu çex animasiyasına həsr olunduğundan, biz plakatın hazırlanmasını tanınmış çex animasiya rejissoru Filip Poşivaçadan xahiş etmək qərarına gəldik. Onunla əməkdaşlıq eləmək bizim üçün böyük şərəfdir. Filipin təkrarolunmaz üslubu var, düşünürəm ki, təsvirə çex animasiyasına məxsus oynaqlığı dəqiq ötürə bilib”, – festivalın direktoru Rəşid Ağamalıyev deyib. “Mən ANİMAFİLM festivalının vizual həllini tapanda böyük sevinc hissi keçirdim”, – Filip Poşivaç özünün Instagram səhifəsində yazıb.

14.06.2019

Xəbər verildiyi kimi Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə 18-20 oktyabr 2019-cu il tarixində Bakıda İkinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq. Bu festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır. Builki festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradılması nəzərdə tutulub. Uşaq münsiflər heyətinə üzvlər seçimini Azərbaycanın tanınmış animasiya rejissoru və əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirirdi. Festivalın şərtlərinə görə ”Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini 5 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək. Uşaq Münsif Heyətinə qoşulmaq üçün 7-13 yaş həddi müəyyən olunmuşdu. Müraciətlər iyunun 10-na qədər qəbul edilirdi.

07.05.2019

18-21 oktyabr 2019-cu il tarixdə Bakıda növbəti ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı baş tutacaq. Bu barədə məlumat verən ANİMAFİLM festivalının təsisçisi Rəşid Ağamalıyevin sözlərinə görə artıq film və ssenarilərin qəbulu başlayıb. “Qürur hissi ilə bildirmək istərdim ki, keçən il biz bir ilkə imza atdıq. Sevimli şəhərimiz ilk dəfə beynəlxalq animasiya festivalına ev sahibliyi etdi. Biz bu gözəl ənənəni davam etdirmək və bu sahəni inkişaf etdirmək üçün səy göstəririk. Elə məhz buna görə də festivalın şüarını "Ənənə və inkişafa yeni baxış" kimi müəyyən etmişik. Həmçinin, bu il müraciətlər ən böyük festivallar platforması olan FilmFreeway vasitəsilə təqdim edilə bilər” O, eləcə də vurğuladı ki, Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə Festivalın “Qızıl qayıq” mükafatının laureatı Məsud Pənahi beynəlxalq münsiflər heyətinə rəhbərlik edəcək.

05.05.2019

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Təşkilat Komitəsi bu il oktyabr ayında Bakıda keçiriləcək növbəti festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradacaq. Uşaq münsiflər heyətinə üzvlər seçimini Azərbaycanın tanınmış animasiya rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirəcək. 18-21 oktyabr 2019-cu il tarixdə keçiriləcək tədbir üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Festivalın keçirilməsində məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları bir araya gətirməkdir. Builki festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır.

16.04.2019

Beynəlxalq ANİMAFİLM festivalının təşkilatçıları Bakıda fəaliyyət göstərən Landau məktəbinin şagirdlərilə görüş keçirib. Tədbirdə Azərbaycanın tanınmış animatoru Elçin Axundov iştirak edirdi. Tanınmış animator cizgi filmlərinin çəkiliş prosesini əyani şəkildə izah etdi, şagirdlərin suallarını cavablandırdı. “ANİMAFİLM” festivalının direktoru Rəşid Ağamalıyev xüsusi olaraq Landau məktəbinin şagirdləri üçün video ismarış ünvanladı. O, uşaqları bu il oktyabr ayında Bakıda keçiriləcək II Beynəlxalq “ANİMAFİLM” festivalında iştirak etməyə dəvət etdi və festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq fürsəti təklif etdi. Uşaqlar “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalından görüntüləri izlədilər. Bu kadrlar uşaqların heyrətinə səbəb oldu. Elçin Axundov “Azərbaycan animasiyası” kitabını təqdim edərək, şagirdlərə yerli animasiyamızın tarixi haqqında da söhbət açdı. Sonra milli "Cırtdan-pəhləvan" cizgi filmi nümayiş etdirildi. Uşaqlar filmlər haqqında öz təəssüratlarını, onlarda animasiyaya aid formalaşan yeni fikir və fantaziyalar barədə interaktiv müzakirələr apardılar. Festivalın təşkilat komitəsinin üzvü Mirvari Ağakişiyeva şagirdlərlə birlikdə "Gələcəyin Animasiyası" mövzusunda interaktiv oyun həyata keçirdi. Belə ki, şagirdlər öz qəhrəmanlarının animatoru kimi onların təsvirini vərəq üzərində nümayiş etdirdilər. Təşkilat komitəsinin bildirdiyinə görə tezliklə uşaqlardan ibarət münsif heyətilə bağlı yeni məlumat veriləcək. Ayrıca olaraq, Landau məktəbinin şagirdlərindən biri isə bu heyətə daxil olmaq üçün seçiləcək.

06.04.2019

1-ci ANİMAFİLM Festivalının təşkilatçıları festivalın nəticələrinə bir daha nəzər salmaq, gələn festivaldan danışmaq və ən əsası, Azərbaycan animasıyasını tanıtmaq məqsədilə bu ilin martın 23-də Çexiya Respublikasinin Praqa şəhərində “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalının əks-sədası adlı tədbir keçiriblər. Tədbir "OLIEL Company" və Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqanın “Kino Pilotů” kinoteatrında keçirilib. Tədbirdə ən yaxşı xarici və Azərbaycan cizgi filmləri nümayiş etdirildi və xaricdə ilk dəfə “Azərbaycan animasiyası” kitabı təqdim olundu. Tədbirdə tək Azərbaycandan deyil, bir sıra xarici ölkələrdən də qonaqlar iştirak edirdi. Əsas iştirakçılar isə təbii ki, Çexiya animasiyası mütəxəssisləri idi, demək olar ki, Çexiyanın sanballı animasiya icması bu tədbirdə iştirak edirdilər. “ANİMAFİLM” festivalının direktoru Rəşid Ağamalıyev çıxış edərək qeyd etdi ki, bu tədbir ilk növbədə Azərbaycan və Çexiya animasiyası arasında münasibətləri daha da yaxınlaşdırdı və mədəniyyətlərimiz arasında birbaşa dialoq yaratdı.