ANİMAFİLM festivalı Azərbaycanın ilk və tək animasiya festivalıdır. ANİMAFİLM – animasiya kinosu vasitəsilə yaradıcılığı təşviq edir. Biz inanırıq ki, animasiya filmləri insanları birləşdirə və cəmiyyətimizdə mühüm dəyişikliklər edə bilər. ANİMAFİLM festivalı 2018-ci ildən etibarən hər il təşkil etdiyimiz gerçək bir platformaya çevrilib. Festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

Festivalı sosial şəbəkələrdə izlə:

6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə 2023-cü il sentyabrın 6-dan 10-dək Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş 64 müxtəlif animasiya filmi nümayiş etdirildi. Festivalın builki mövzusu “Qadın haqları” idi. Bilet satışlarından əldə olunan gəlir Azərbaycanın gənc qadın rejissorlarına ianə edilib.

5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

2022-ci il 7-11 sentyabr tarixlərində Nizami Kino Mərkəzində 5-ci ANİMAFİLM festivalı keçirilib. Festivalda uşaqlar və böyüklər üçün çəkilmiş 121 müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın mövzusu “İqlim dəyişikliyi”, devizi isə “Bir bilet = bir ağac” idi. Bilet satışlarından əldə olunan bütün vəsait (4119 AZN) Qarabağ Dirçəliş Fonduna ianə edildi. 2023-cü ilin aprel ayında Zəngilan rayonunda festival adından 412 ağac əkildi.

4-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

3-7 sentyabr 2021-ci il tarixində Bakıda canlı formatda 4-cü ANİMAFİLM festivalı keçirilib. Festivalda 40 ölkədən 200-ə yaxın uşaqlar və böyüklər üçün çəkilmiş müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın mövzusu “Əlillik” idi. Məsud Pənahinin ustad dərsi, Olivier Catherinin kino və animasiya prodüserləri üçün master-klası və Nik Phelps və Nancy Denney-Phelps-in aparıcılığı ilə bəstəkar və səs rejissorları üçün seminar baş tutdu. Ənənəvi olaraq uşaq münsiflər heyəti fəaliyyətdə idi.

23-25 noyabr tarixlərində isə 4-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Şəkidə əks-sədası tədbiri keçirildi. “ANİMAFİLM Şəkidə” tədbirində üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş ən maraqlı yerli və xarici animasiya filmləri təqdim edildi.

3-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

14-18 oktyabr 2020-ci il tarixində Bakıda 3-cü ANİMAFİLM festivalı keçirildi. Festivalın mövzusu “Azərbaycan uşaqları” idi. 3-cü ANİMAFİLM-in əsas məqsədi müharibə dövründə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirmək olub. Festivalda 31 uşaqdan ibarət uşaq münsiflər heyəti formalaşdırıldı. Festival çərçivəsində 3 teatr vörkşopu, iki günlük kukla animasiyası üzrə master-klasları və animasiya filmlərinin offlayn və onlayn nümayişləri oldu.  

2-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

14-18 oktyabr 2019-cu il tarixində 2-ci ANİMAFİLM festivalı təşkil olundu. Festivalın mövzusu “Çexiya animasiyası” idi. Bu mövzu çərçivəsində uşaqlar və böyüklər üçün ən yaxşı çexiya multfilmləri nümayiş etdirildi. Festival gedişində Azərbaycan animasiyasının 50 illiyinə həsr olunmuş konfrans, yunan və fransız professionallarının aparıcılığı ilə animasiya vörkşopları keçirildi. “Ən yaxşı uşaq animasiya filmi” kateqoriyası üzrə nominasiyanı qiymətləndirmək üçün uşaq münsiflər heyəti formalaşdırıldı. Festivalın bağlanış mərasimində, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına açıq məktub ünvanlandı. 300 nəfərin imzaladığı məktubda milli animasiyamızın problemləri əks olunmuşdu.

1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

19-21 oktyabr 2018-ci il tarixində 1-ci ANİMAFİLM festivalı baş tutdu. Festivalın mövzusu “Azərbaycan animasiyası” idi. Festival çərçivəsində milli animasiya tarixinə həsr olunmuş “ReAnimasiya” sərgisi, uşaqlar üçün kukla teatrı, fortepiano konserti, müəlliflərin iştirakı ilə ən yaxşı azərbaycan, gürcü və iran animasiya filmlərinin nümayişi, həmçinin, Rusiya, Çexiya, Almaniya və Gürcüstandan olan professionalların uşaqlar üçün master-klasları həyata keçirildi. Unudulmaz 3 gün ərzində uşaqlar və böyüklər 17 ölkəni təmsil edən 20-dən artıq filmdən ibarət zəngin müsabiqə proqramını izləmək imkanı qazandı. Festivalda 20 xarici və 500-ə yaxın yerli qonaq iştirak etdi.

23 mart 2019-ci il tarixində Çexiyanın Praqa şəhərində 1-ci ANİMAFİLM festivalının əks-sədası tədbiri təşkil olundu.